Biləsuvarda 40 min 540 nəfər pulsuz tibbi müayinədən keçirilib
29.3.2017

Biləsuvarın səhiyyə ocaqlarında əhalinin profilaktik tibbi müayinəsi davam edir.

Rayonda əhalinin kütləvi pulsuz tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır.

Humanitar aksiyanın mütəşəkkil başa çatdırılması üçün rayon icra hakimiyyətində yaradılmış komissiya kompaniyanın gedişinə ciddi nəzarət edir, müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Yerli mətbuat orqanlarında, idarə, müəssisə və təşkilatlarda, şəhər və kənd yaşayış məntəqələrində əhalinin tibbi müayinəyə tam cəlb olunması üçün maarifləndirmə işləri aparılır.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Rövşən Pənayev müsahibəsində deyib: “Humanitar aksiya çərçivəsində əhalinin tibbi müayinəsi 3 xəstəxana, 20 həkim və tibb müəssisəsində aparılır. 50 həkim və 50 orta tibb personalından ibarət 3 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 75 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub”.

Aksiya çərçivəsində indiyədək 40 min 540 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 2147 vətəndaş ambulator, 147 nəfər stasionar müalicəyə cəlb olunub. 74 xəstə isə Bakı şəhərinin ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

azertag.az