İtaliyanın “rəqs edən milyonçu”su Bakı Şopinq Festivalının xüsusi qonağı olacaq
30.3.2017

Bir sıra sosial şəbəkələrdə “rəqs edən milyonçu” kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq.

Azərbaycan Konqreslər Bürosundan bildirilib ki, çılğın rəqsləri, dəbdəbəli həyat tərzi ilə tanınan italyan biznesmen və filantrop C.Vakki mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq. O, festivalın ruhuna uyğun “Enjoy” (“Zovq al”) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək Bakıda keçiriləcək sözügedən festivalın əsas məqsədi ölkədə turizmlə yanaşı, sahibkarlığın inkişafına dəstək olmaqdır.

azertag.az