“Dədə Şəmşir ucalığı” adlı konsert təşkil edilib
30.3.2017

Heydər Əliyev Sarayında “Dədə Şəmşir ucalığı” adlı konsert təşkil olunub.

Saz və sözün yer aldığı musiqili gecə Aşıq Şəmşirin xatirəsinə həsr edilib. Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində unudulmaz sənətkara həsr edilmiş fotosərgiyə baxıblar.

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı sənətkarın ömür yolundan və zəngin yaradıcılıq axtarışlarından söz açıb.

Elə sənətkarlar var ki, onlar sənət möhürlərini tarixin yaddaşına həkk edərək ölməzlik qazanırlar. Məhz Aşıq Şəmşir də belə sənətkarlar sırasındadır. O, klassik aşıq sənəti ilə müasir aşıq sənəti arasında körpü yaradan ustad aşıqlardanıdr. Yaşadığı dövrdə “dədə” kimi yüksək ad qazanan Aşıq Şəmşir öz bənzərsiz şeirləri, çoxşaxəli yaradıcılığı, həyata baxışları, yaşam tərzi ilə şərəfli ömür yaşayıb”.

Məhərrəm Qasımlı qeyd edib ki, ustadın xatirəsinə həsr olunan gecənin “Dədə Şəmşir ucalığı” adlandırılması heç də təsadüfi deyil. Çünki onun sazı-sözü bu ucalığı yaradıb. Nə qədər ki, aşıq sənəti, sazı, sözü var Aşıq Şəmşir yaradıcılığı daim yaşayacaq. Ona görə ki, o, ustad aşığa xas olan bütün keyfiyyətləri özündə toplayaraq aşıq şeir formalarının, demək olar ki, bütün janrlarında gözəl əsərlər yaradıb. Hər bir ustad aşıq kimi Aşıq Şəmşir də çoxlu sayda şagird yetişdirərək onlara bu sənətin incəliklərini öyrədib. Sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixindəki ən böyük xidmətlərindən biri də çoxlu sayda aşıq havalarını lentə yazdırmasıdır. Əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilən Dədə Şəmşir yaradıcılığı aşıq musiqisinin öyrənilməsi və tədqiqində əvəzolunmaz xəzinədir.

Tədbirdə Aşıq Şəmşir yaradıcılığına həsr olunan videoçarx təqdim olunub.

“Dədə Şəmşir ucalığı” adlı konsert tanınmış aşıqların ifasında bir-birindən rəngarəng aşıq havalarının səslənməsi ilə davam edib.

azertag.az