Bu ay Bakının qonağı olacaq dünyaca məşhur müğənni Şakira Azərbaycandakı tamaşaçılarını salamlayıb.
Konsertin təşkilatçısı "Omnikomo Music Group" şirkətinin Facebook-dakı rəsmi səhifəsində müğənninin videomüraciəti təqdim olunub.
Şakira videomüraciətdə deyir: "Şakira bu il yalnız Bakıda, oktyabrın 14-də konsert proqramı ilə çıxış edəcək!" . Şakira qadınlar arasında futbol üzrə dünya çempionatının bağlanış mərasimində və "Baku Crystal Hall"dakı konserti zamanı möhtəşəm şou nümayiş etdirəcəyini vəd edir.
Xatırladaq ki, müğənni bir neçə gün əvvəl özünün Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib ki, oktyabrın 13-ü və 14-də Bakıdakı çıxışını səbirsizliklə gözləyir. Bir qədər əvvəl dünya şöhrətli müğənni hamilə olması ilə əlaqədar bir neçə tədbiri təxirə salıb, lakin Bakıya dəvətdən imtina edə bilməyib.
Müğənninin sözlərinə görə, o və sevgilisi - "Barselona"nın oyunçusu Jerar Pike ilk övladlarının dünyaya gəlişi ərəfəsində bütün reklam tədbirlərindən imtina etməyi qərara alıblar.
"Katalonların gəlini" hamiləliyinin hansı ayında olduğunu dəqiqləşdirməyib. Şakira hamilə olması səbəbindən sentyabrın 21-22-də Las-Veqasda keçirilən "iHeartRadio" musiqi festivalında iştirak etməyib.
Video
APA