İnsanları sağlamlıq, iş və ya münasibətlər ilə bağlı hər hansı problem narahat edəndə, onlar məsləhət almaq üçün ilk növbədə İnternetə müraciət edirlər. Eyni sözləri uşaqları üçün vaksinlərin təhlükəsiz olub-olmaması barədə dürüst informasiya almaq istəyən valideynlərə və tərbiyəçilərə şamil etmək olar. Ancaq çox vaxt belə informasiyanı tapmaq müşkül məsələyə çevrilir. Son illər vaksinlərin təhlükəsizliyi barədə birtərəfli, yanlış və əndişə yaradan informasiyanın yer aldığı yetərincə çoxlu veb-sayt ortaya çıxıb. Bu da əsassız təşvişin yaranmasına gətirib çıxarır.
Dünya Səhiyyə Təşkilatının (DST) Vaksinlərin Təhlükəsizliyi Şəbəkəsinin (VTŞ) əlaqələndiricisi İzabel Saxinoviç deyib: “Hər gün internetdə vaksinlər barədə yalan məlumat yayılmağa davam edir. Bu, təhlükəli vəziyyətdir. Biz əmin olmalıyıq ki, bütün valideynlər, tərbiyəçilər və səhiyyə mütəxəssisləri vaksinlər barədə dəqiq və dürüst informasiyanı asanlıqla əldə edə biləcəklər”.
Vaksinlərin təhlükəsizliyi barədə qlobal veb-saytlar şəbəkəsi VTŞ məhz bunun üçün nəzərdə tutulub. Hazırda 12 dildə 47 veb-sayt şəbəkənin üzvüdür. Hesablamalara görə, hər ay 173 milyondan çox istifadəçi müxtəlif informasiya ilə bərabər, vaksinlərin təhlükəsizliyi barədə dürüst məlumatın verildiyi VTŞ veb-saytlarına daxil olur.
DST vaksinlərin təhlükəsizliyi məsələləri üzrə onu məlumatlandıran müstəqil və nüfuzlu elmi komitənin - Vaksinlərin Təhlükəsizliyi üzrə Qlobal Məsləhət Komitəsinin müəyyən etdiyi və milli immunlaşdırma proqramlarına təsir göstərməyə qadir olan meyarlardan istifadə edərək veb-saytların namizədliyinə münasibətini bildirir.
İlkin yoxlama bu saytların ictimai səhiyyə yönümlü olub-olmadığını, vaksinlərin təhlükəsizliyi barədə elmi əsaslandırılmış və qərəzsiz ən müasir informasiya, aydın şərh edilmiş məlumat və sadə naviqasiya sistemi təqdim edib-etmədiklərini müəyyənləşdirməyə imkan verir.
Sənayeni təmsil edən veb-saytlar şəbəkənin üzvü ola bilməzlər. VTŞ veb-saytları azı iki ildən bir nəzərdən keçirilir və təzələnir. VTŞ-nin qiymətləndirmə qrupu rəsmi qiymətləndirmə üçün veb-saytı 34 meyardan istifadə edərək öyrənir.
Vaksinlərin Təhlükəsizliyi Şəbəkəsinin üzvü olmaq üçün veb-saytlar onların sahibləri və rəhbərləri və kontentin əməkhaqqının kimin tərəfindən ödənilməsi barədə informasiya baxımından şəffaf olmalı, habelə dərc edilmiş informasiya mənbələrinin validasiya etmək imkanına malik olmalıdırlar.
İ.Saxinoviç deyib: “Bizim verdiyimiz qiymət o deməkdir ki, İnternet istifadəçiləri oxuduqları məlumata etibar edə bilərlər”.
azertag.az