Azərbaycan və Türkiyə tibb universitetləri arasında münasibətlərin möhkəmlənməsi məsələləri müzakirə olunub
30.3.2017

Martın 29-da Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.

Tibb Universitetindən bildiriblər ki, görüşdə Azərbaycanla Türkiyə arasında təhsil və səhiyyə sahəsində mövcud münasibətlərin möhkəmlənməsi istiqamətində müzakirələr aparılıb.

Səhiyyə naziri Oqtay Şirəliyevlə görüşü zamanı bir sıra vacib məsələlərin müzakirə olunduğunu bildirən səfir bu mövzulardan birinin də ATU ilə İstanbul Universiteti arasında bir sıra layihələrin planlaşdırılması barədə məlumat verib. E.Özoral bildirib ki, artıq Türkiyə həkimləri bütün Avropada yüksək səviyyəli mütəxəssis kimi qəbul olunur və bu təcrübə ilə Azərbaycanda da paylaşmaqda maraqlıdırlar. ATU-nun türk gənclər arasında tanındığını deyən səfir öz ölkəsinin tələbələrinin bu universitetdə təhsilini dəstəklədiyini bildirib.

G.Gəraybəyli ATU-nun bir çox əcnəbi təhsil müəssisələri ilə əlaqələrinin olduğunu, amma onlar arasında Türkiyə universitetlərinin xüsusi yer tutduğunu bildirib. Rektor İstanbul Universiteti ilə birgə layihənin reallaşmasının bir çox yeniliklərin tətbiqinə yol açacağını qeyd edib.

ATU-nun xarici tələbələrlə iş üzrə dekanı Tariel İsmayılov hazırda Tibb Universitetində Türkiyədən 527 nəfərin təhsil aldığını bildirib. Onlardan 311-i artıq tələbədir, 216-sı isə universitetin hazırlıq kurslarına cəlb olunublar.

Görüşdən sonra səfir ATU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb. Görüş zamanı gənclər ATU-da onların təhsili və yaşayışı üçün yaradılan şərait, mövcud tədris sistemi haqqında səfirə məlumat veriblər.

azertag.az