Naxçıvanda yeniyetmə futbolçular üçün ustad dərsləri təşkil olunub
30.3.2017

Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin mini-futbol meydançasında yeniyetmə futbolçular üçün ustad dərsi təşkil olunub. Bakıdan dəvət olunan məşqçilərin idarəçiliyi ilə keçirilən ilk məşq prosesində 100-dən çox məktəbli futbolçu iştirak edib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının təşkil etdiyi ustad dərsləri 2 gün davam edəcək və bu prosesi Bakıdan gələn məşqçilər Cahangir Həsənzadə və İlham Əzizzadə aparacaqlar.

Məşqçi Cahangir Həsənzadə keçirilən ustad dərslərinin məqsədi barədə danışaraq deyib ki, təlimləri AFFA və aidiyyəti qurumların birgə təşkil etməsində məqsəd ölkədə uşaq futboluna olan marağı artırmaq, həmçinin məktəblərdə istedadlı futbolçuları üzə çıxarmaqdır: “Keçirdiyimiz ilk məşq prosesi barədə müsbət fikirdəyəm. İstedadlı uşaqlar çoxdur və biz onları qısa vaxt kəsiyində olsa da, düzgün istiqamətləndirməyə çalışdıq. Naxçıvanda uşaq futbolu ilə məşğul olan peşəkar məşqçilər var və onlar bu cür stadionlarda uşaqlara daha uğurlu karyera bəxş etməyə qadirdirlər. Martın 30-da daha bir ustad dərsi olacaq. Dərsləri fərqli məkanlarda təşkil etməyimizin əsas məqsədi digər uşaqların da bacarıqlarına bələd olmaq və əlimizdən gəldiyi qədər onlara fürsət verməkdir. Digər tərəfdən, biz özümüz də istedadlı uşaqların adlarını qeyd edirik və onların gələcəkdə uğurlu karyera qurmalarına kömək edəcəyik”.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki 11 nömrəli tam orta məktəbin mini-futbol meydançasında da ustad dərsləri keçiriləcək. Ustad dərslərində, ümumilikdə, 300 məktəbli, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun məşqçi heyəti və oyunçuları da iştirak edəcəklər.

azertag.az