Bakı Mühəndislik Universiteti (BMU) gənc nəslin müasir elmi-texniki keyfiyyətləri mənimsəmiş fərd olaraq yetişməsinə dəstək istiqamətində dünyadakı texnoloji yeniliklərin elmdə tətbiqini əsas götürərək əməli addımlar atmağa başlayıb. Bunlardan biri də “FameLab” layihəsidir. Layihə elmi sinif otağı çərçivəsindən çıxarıb, əyləncəli şəkildə auditoriyaya çatdırmaq, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaq məqsədilə təşkil olunan yarışma tipli fəaliyyətdir.
BMU-nun mətbuat xidmətindən bildirilib ki, ilk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapmaqdır. Elm ilə məşğul olan şəxslərdə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaradan bu müsabiqədə əsas iştirakçılar 21 yaşdan yuxarı, elm və ictimai istiqamətlərdə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis, tibb və yaxud riyaziyyat sahələrində çalışan şəxslərdir. Müsabiqəyə Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının elmi işçiləri, müəllim, bakalavr və magistr tələbələri, eyni zamanda, doktorantlar da cəlb olunur.
Seçim mərhələsinin nəticəsində 10 finalçı sonuncu mərhələdə iştirak etməyə dəvət olunacaq. Final mərhələsinin qaliblərinə 2 gün ərzində danışıq və təqdim etmə bacarığını inkişaf etdirmək məqsədilə Böyük Britaniyadan gələcək alim və media nümayəndəsi təlim verəcək. Final mərhələsində müasir elmi mövzuda və əvvəlki çıxışdan fərqli olan 5 dəqiqəlik təqdimat edilməsi tələb olunur. Münsiflər heyəti təqdimat barədə sual verəcək və fikirlərini bildirəcəklər. Finalda qalib seçilən iştirakçı Azərbaycanı İngiltərədə keçiriləcək “FameLab” Beynəlxalq müsabiqəsində təmsil etmək hüququ qazanacaq. Münsiflər heyəti tərəfindən seçiləcək ikinci, üçüncü yerin sahibləri və auditoriyanın rəğbətini qazanan müsabiqə iştirakçısına hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, “FameLab” müsabiqəsi Azərbaycanda ilk dəfə 2007-ci ildə təşkil edilib.
Müsabiqə ilə əlaqədar geniş məlumat http://famelab.az/ səhifəsində yerləşdirilib.
azertag.az