Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcümə olunub.
Martın 30-da İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində romanın təqdimatı olub.
Universitetin humanitar fənlər fakültəsinin dekanı Nana Kapriandaşvili, professor Davit Qoçeridze və başqaları çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq və mehriban qonşuluq əlaqələrindən, xalqlarımızın oxşar cəhətlərindən, multikultural dəyərlərindən danışıblar.
Bildirilib ki, bu gün Azərbaycan kreativ incəsənətə açıq bir məkan kimi tanınır. Bu baxımdan “Yarımçıq əlyazma” əsəri akademik Kamal Abdullayevin təxəyyülündəki dərinlikləri özündə əks etdirən nümunədir.
Bu roman Dədə Qorqud adlı bir ozan tərəfindən Oğuz elindəki xainlərin iç üzünün ifşa olunması ilə bağlı aparılan təhqiqatın hesabatıdır.
Qeyd olunub ki, roman ingilis, fransız, italyan, türk, rus, polyak, ərəb, alman, portuqal və qazax dillərində də nəşr olunub. Romanın gürcü dilinə tərcümə olunması gənc nəslin qədim tariximizi daha dərindən öyrənməsində, multikultural dəyərlərin daha geniş yayılmasında, mədəni əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.
Akademik Kamal Abdullayev çıxış edərək kitabla bağlı fikirlərini bölüşüb, müəllim və tələbələrin suallarını cavablandırıb.
Təqdimat mərasimində universitetin professor-müəllim heyəti, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı və gürcü tələbələr iştirak ediblər.
azertag.az