Martın 30-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Bahar” adlı rəsm sərgisi açılıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, sərginin məqsədi qonaqlarla Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı əhvali-ruhiyyəsini bölüşmək və bayram ovqatını davam etdirməkdir. Ekspozisiyada istedadlı rəssamların müxtəlif texnika ilə yaratdıqları əsərlər yer alıb. Hər bir iş özünəməxsusdur və yazın gəlişini təcəssüm etdirir.
Azərbaycanın Türkmənistanda və Əfqanıstanda sabiq səfiri Vəhdət Sultanzadə qeyd edib ki, bu cür tədbirlər ölkəmizin mədəni həyatında mühüm rol oynayır, mənəvi dəyərlərin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə kömək edir.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə Elnurə və Aygün İsgəndərova bacılarının, İsa Məmmədovun, Sirus Mirzəzadənin, İbrahim Müslümovun, Həmzə Abdullayevin və başqalarının əsərləri yer alıb.
Sərgi böyük maraqla qarşılanıb.
azertag.az