İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum Cəlilabad rayonunda keçirilib.
100-ə yaxın sahibkarın iştirak etdiyi forumda Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan iri fermer, intensiv kartofçuluq, üzümçülük, pambıq, soya, noxud və mərci əkini təsərrüfatlarının, çiyələk emalı və quru meyvə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 90-a yaxın sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 20,7 milyon manat güzəştli kredit verilib. Qeyd edilib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 118,6 milyon manat güzəştli kredit ayrılıb, digər sahələrlə yanaşı müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, üzümçülük sahələrinin inkişafına yönəldiləcək və 30-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək.
Tədbir çərçivəsində həmçinin, Cəlilabad rayonunda güzəştli kredit ayrılan iri fermer təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər respublika ərazisində müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinə əsaslanan 44 min hektaradək ərazidə 32 iri fermer təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda məhsuldarlıq arpa və buğda üzrə 60 sentnerədək, qarğıdalıda 120 sentnerədək, soyada isə 35 sentnerədək təşkil edir.
trend.az