Aprelin 2-də Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə “Azərbaycanın zümrüd daşı – Kəlbəcər” adlı tədbir keçirilib. Tədbir Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 24-cü il dönümünə həsr olunub.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının, o cümlədən aprel döyüşləri zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin Şuşa filialının müdiri Səbinə Əzizova çıxış edərək Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində rayondakı zəngin tarixi-mədəni abidələrin tamamilə məhv olunduğunu bildirib.
Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bərzani Ələsgərov, Kəlbəcər şəhid muzeyinin elmi işçisi, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dissertantı Ramiz Nəcəfli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, fəlsəfə elmləri doktoru, şair Ənvər Əhməd və Kəlbəcər məktəbinin müəllimi Roza Verdiyeva rayonun maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxışlar ediblər.
Tədbir iştirakçıları Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından - xurcun, məfrəş, səhəng, xalça, süxur, həmçinin minerallar, çarıq, ağac növləri, Kəlbəcər muzeyinin açarları, mis qablardan ibarət sərgi ilə tanış olublar.
Sonra “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırladığı “Kəlbəcərə virtual səyahət” adlı videoçarx nümayiş etdirilib.
Ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 60 min olan Kəlbəcər rayonu böyük tarixi keçmişi, zəngin mədəniyyəti, qədim tarixi abidələri ilə seçilir. Erməni vandalları rayonu işğal etdikdən sonra tarixi-mədəni abidələri, o cümlədən Vəng kəndi ərazisində Alban məbədini, Çərəkdar kəndində Alban kilsəsini (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalasını, Qaraçanlı kəndinə Uluxan qalasını, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsini, Qalaboynu kəndində Qalaboynu qalasını, Comərd kəndində Comərd qalasını, Camışlı kəndində Keşikçi qalasını, Kəlbəcər şəhərində, Başlıbel və Otaqlı kəndlərində məscidləri, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsünü, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evini, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahını məhv ediblər.
azertag.az