"Zirə" və "Sumqayıt" komandalarının Avropa Liqası üçün ev arenası müəyyənləşib
3.4.2017

"Zirə" və ya "Sumqayıt" klubu futbol üzrə Avropa Liqasına vəsiqə qazanacağı təqdirdə, ev oyunlarını "Dalğa Arena"da keçirəcək.
Bu barədə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hər iki klub qitəmiqyaslı turnirdə iştirak üçün təqdim etdikləri lisenziyalaşma sənədlərində məhz Bakının Mərdəkan qəsəbəsindəki stadionu göstərib.
Zirə İdman Kompleksinin stadionunun beynəlxalq tələblərə cavab vermir. Sumqayıtdakı "Kapital Bank Arena"da isə indiyədək beynəlxalq oyun keçirilməyib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında sona 4 tur qalmış "Zirə" 31 xalla 4-cü, "Sumqayıt" isə 28 xalla 5-ci pillədə qərarlaşıb. "Zirə"nin 3-cü yeri tutma şansları qalsa da, "Sumqayıt" ən yaxşı halda mövsümü 4-cü pillədə başa vura bilər. "Neftçi" Azərbaycan Kubokunda finala yüksələrək, qalib ola bilməsə, Avropa Liqasına vəsiqələrə 2 - 4-cü pillələrin sahibləri yiyələnəcəklər.

report.az