Aprelin 3-də Azərbaycanda Fransız İnstitutunda dünya şöhrətli rumın heykəltəraşı Konstantin Brankuzinin əsərlərinin fotolarından ibarət sərgi açılıb.
Frankofoniya həftələri çərçivəsində təşkil olunan sərgi Fransanın ölkəmizdəki səfirliyi və Azərbaycanda Fransız İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Rumıniyanın ölkəmizdəki səfirinin müşaviri Dan İanku Martişor çıxış edərək K.Brankuzi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, dövrünün ən görkəmli heykəltəraşlarında olan Konstantin Brankuzinin əsərləri dünyaca məşhurdur. Onun sənət inciləri ən çox XX əsrdə baş vermiş inqilabi mövzulara həsr olunub.
Diplomat qeyd edib ki, karyerasına Rumıniyada başlayan sənətkar ömrünün qalan hissəsini Fransada keçirib, orada müasir mövzulu çoxlu əsələr yaradıb.
Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez sərginin əhəmiyyətindən danışıb. Frankofoniya həftələri çərçivəsində təşkil olunan belə sərgilərin ölkələr arasındakı mədəni əlaqələrin inkişafına xüsusi töhfə verəcəyini deyən diplomat hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar aprelin 9-dək davam edəcək sərgi ilə tanış olublar.
azertag.az