Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin 50 illiyi qeyd edilib
4.4.2017

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi rayonundakı Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbinin yaranmasının 50 illiyi qeyd edilib.

Filarmoniyadan bildirilib ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkəmizdə mədəniyyətin, incəsənətin inkişafına, təbliğinə göstərilən dövlət qayğısından söz açıb.

Bildirilib ki, Azərbaycanın milli musiqi irsinin qorunub saxlanılması, dünya musiqi incilərinin Azərbaycanda, xalqımıza məxsus nadir musiqi əsərlərinin isə dünyada tanıdılması Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi irsə böyük diqqət və həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak edir.

Məktəbin direktoru Sevda Məmmədova qeyd edib ki, 1967-ci ildən fəaliyyətə başlayan Nəsimi rayonu Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbində şagirdlər 12 ixtisas üzrə təhsil alırlar.

Diqqətə çatdırılıb ki, bu illər ərzində məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək professional musiqiçi kimi yetişiblər. Məktəbin məzunları dünyanın müxtəlif ölkələrində - ABŞ, İngiltərə, Almaniya, Rusiya, Türkiyə və İsrailda milli mədəniyyətimizi uğurla təmsil edirlər.

Çıxış edənlər Azərbaycanın istedadlı uşaq və gənclərinə hər zaman göstərdikləri qayğıya görə dövlətimizin başçısına dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə musiqi məktəbinin istedadlı şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq Artisti Fəxrəddin Kərimovun müşayiəti ilə geniş konkret proqramı təqdim ediblər.

azertag.az