Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. Belə ki, Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı aprelin 7-dən 9-dək sənət ocağının qonağı olacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, sözügedən teatrın kollektivi üç gün ərzində “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.
Qastrol tamaşasında Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər.
Məlumat üçün bildirək ki, aprel ayının son günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının kollektivi gənc yazar Pərvinin “Dəcəl keçi” tamaşası ilə adıçəkilən teatrın qonağı olacaq.
azertag.az