IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda xüsusi zolaqların çəkilməsinə başlanıb.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev jurnalistlərə deyib ki, bu zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq: "24 saat ərzində zolaqlara nəzarət ediləcək. Mayın 1-dən 25-nə qədər zolaqlara digər maşınların girməsinə icazə verilməyəcək. Aidiyyəti olmayan maşınlar zolağa girsə, 40 manat cərimə olunacaqlar".
BDYPİ-nin şöbə rəisi qeyd edib ki, regiondan olan nəqliyyat vasitələrinin həmin müddətdə şəhərə daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq: "Hazırda bir sıra küçə və prospektlərdə zolaqlar çəkilir. Bura Ziya Bünyadov prospektindən Atletlər kəndinədək, Bakı Kənarkeçmə yolu (dairəvi), Bakı Atıcılıq Mərkəzində başlayır və Salyan şossesində sona çatır. Salyan şossesi zolağı Kənarkeçmə yolundan Bibiheybət yolunadək, Bibiheybətdən başlayaraq Avropa oyunları parkından keçərək birbaşa Bayraq Meydanına gedən, Neftçilər prospekti zolağı Bayraq Meydanından Bakı İdman Zalına, Qara Qarayevdə bütün yol, Atatürk prospektindəki zolaq isə Ziya Bünyadov prospektindən Vaqif prospektinə qədər, Fətəli Xan Xoyski zolağı Atatürk prospektindən Koroğlu Rəhimov küçəsində yerləşən körpüyə qədər, Hənifə Ələsgərova zolağına Vaqif prospektindən Cəlil Məmmədquluzadə küçəsinə qədər, Tbilisi prospektindəki zolağa Heydər Əliyev adına İdman Arenasının çıxışından Abdulvahab Səmədzadə küçəsinə qədər, Abdulvahab Səmədzadə küçəsindəki zolaq Tbilisi prospektindən Ziya Bünyadov prospektinə qədər, Böyükşor şossesindəki zolaq isə Koroğlu metro stansiyasından Aeroport şossesinin başlanğıcınadək hissəsi aiddir.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.
report.az