Aprelin 8-də Bolqarıstanın Ruse şəhərində start götürəcək Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir üçün sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, sayca 55-ci dəfə baş tutacaq turnirə 14 idmançı yollanacaq.
Qadın güləşçilərin yarışında baş məşqçi Semyon Çterev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Anjela Doroqan (53 kq), İrina Netreba, Nataliya Sinişin (hər ikisi 58 kq) və Elis Manolova (69 kq) mübarizə aparacaq.
Yunan-Roma güləşçiləri yığma komandanın böyük məşqçisi İlqar Abdulovun başçılığı altında yarışa qatılacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev və Həsən Əliyev (hər ikisi 71 kq) yer alacaq.
Sərbəst güləşçilərin mübarizəsində Mahir Əmiraslanov (57 kq), Məhəmməd Müslümov, Gitinomaqomed Hacıyev (hər ikisi 65 kq), Ruslan Dibirhacıyev (70 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qüvvəsini sınayacaq. Komanda məşqçilər Sadruddin Ayqubov və Əsgərxan Novruzovun başçılığı altında yarışda iştirak edəcək.
Görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev də olacaq.
Qeyd edək ki, iki gün davam edəcək turnirin proqramına əsasən, aprelin 8-də 59 kq, 71 kq, 80 kq, 96 kq-da yunan-Roma, 57 kq, 65 kq, 74 kq, 97 kq-da sərbəst, 48 kq, 55 kq, 60 kq, 69 kq çəkidə qadın güləşçilər yarışacaq. Ertəsi gün isə 66 kq, 75 kq, 85 kq, 130 kq yunan-Roma, 61 kq, 70 kq, 86 kq, 125 kq sərbəst və 53 kq, 58 kq, 63 kq, 75 kq çəkidə qadın güləşçiləri mübarizə aparacaq.
report.az