İyunun 3-də Əməkdar Artist Fidan Hacıyeva solisti olduğu Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında fransalı tenor Jan-Fransis
Munvuason ilə birgə konsert vermişdir.
Konsert Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşmışdır. Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Luk Obri Fidan Hacıyeva ilə dostluq münasibətlərindən söz açmışdır. Bildirmişdir ki, biz bir neçə aydır klassik fransız repertuarını təşkil edən librettolar üzərində birlikdə çalışırıq. Bu axşam siz həmin əsərlərdən bəzi ariyaları dinləyəcəksiniz. F.Hacıyevanın İtaliyadakı böyük çalışmaları artıq öz bəhrəsini verməkdədir. Ümid edirəm ki, Fidan Hacıyeva tezliklə Fransada da çıxış edəcəkdir.
Ölkəmizdə mədəniyyət üzrə attaşe işlədiyi 4 il müddətində Azərbaycan və Fransa arasında mədəni dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini söyləyən natiq bundan məmnun qaldığını dilə gətirmişdir.
Luk Obri demişdir: “Öz dinləyicilərinə qarşı eyni dərəcədə səxavətli, öz sənətlərinə sadiqliyi, həssaslığı və tələbkarlığı ilə seçilən bu iki sənətkarın bir-biri ilə görüşməsi mənim çoxdankı arzum idi. Bu duet gözəl bir rəmz, həm də mənim fikrimcə, musiqi və onun aşıladığı duyğuları bu qədər sevən Bakı dinləyicilərinə gözəl bir hədiyyədir”.
Azərbaycanı yaxın zamanlarda tərk edəcəyini söyləyən Luk Obri ölkəmizin füsunkar gözəlliyinə həsr etdiyi şeirini də söyləməyi özünə borc bilmişdir.
Gecədə Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə Fidan Hacıyeva və Jan-Fransis Munvuason Azərbaycan, fransız və italyan bəstəkarlarının əsərlərindən parçalar ifa etmişlər.
Orkestri dirijor, Xalq Artisti Cavanşir Cəfərov idarə etmişdir.
Bütün iştirakçılar konsertdən xüsusi zövq aldıqlarını tez-tez səsləndirdikləri alqış sədaları ilə bir daha təsdiqləmişlər.