Prezident İlham Əliyev Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiçi qəbul edib.
Səfir Neboyşa Rodiç Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2013-cü ildə təltif edildiyi Serbiyanın Ali ordenini dövlətimizin başçısına təqdim etdi.
Səfir dövlətimizin başçısına Ali ordenə layiq görülməsi münasibətilə Serbiyanın Prezidenti Tomislav Nikoliçin təbriklərini çatdırdı.
Prezident İlham Əliyev Ali ordenə layiq görülməsini yüksək qiymətləndirdi və təbriklərə görə minnətdarlığını Serbiya Prezidentinə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı İlham Əliyev Prezident Tomislav Nikoliçin Azərbaycana səfəri və onunla Bakıda keçirdiyi görüşü məmnunluqla xatırladı.
Prezident İlham Əliyev, eyni zamanda, Serbiyada keçirilmiş son prezident seçkilərində Aleksandr Vuçiçin qələbəsi münasibətilə təbriklərini çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Aleksandr Vuçiçi Azərbaycana səfərə dəvət etdi.
Səfir Neboyşa Rodiç Prezident İlham Əliyevin Serbiyaya səfərinin ölkəsində səbirsizliklə gözlənildiyini bildirdi.
Serbiya səfiri Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkəmizin hər yerində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.
Görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi, Azərbaycanın Serbiyanın yol infrastrukturunun modernləşdirilməsi istiqamətində həyata keçirdiyi işlər yüksək qiymətləndirildi.
president.az