Opera və Balet Teatrının solisti Belarus teatrının səhnəsində
5.4.2017

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar Artisti, İnarə Babayeva aprelin 8-də Belarus Teatrının səhnəsində çıxış edəcək.

İnarə Babayeva Minskdə görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasında əsas rollardan biri - Cilda partiyasını ifa edəcək. O, səhnəni, Riqoletto rolunun ifaçısı Vladimir Qromovla bölüşəcək. Bundan başqa, səhnə əsərində Hersoq rolunu ifa etmək üçün Lvov Milli Operasının solisti Mixail Malafiy dəvət olunub. Tamaşanın dirijoru İtaliyalı maestro Canluka Marçianidir.

Qeyd edək ki, azərbaycanlı vokalçının iştirak edəcəyi bu tamaşa Belarusun görkəmli opera müğənnisi, Xalq Artisti Yuri Bastrikovun xatirəsinə həsr olunacaq.

azertag.az