Aprelin 4-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Zaməddin Ziyadoğlunun 70 illik yubileyi qeyd olunub.
AMEA-ın Folklor İnstitutunun “Aşıq yaradıcılığı” şöbəsinin müdiri, Əməkdar Mədəniyyət İşçisi Elxan Məmmədli yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, ömrünün 70-ci baharını yaşayan şair yenə də gənclik şövqü ilə yazıb yaradır, qələmi əlindən yerə qoymur.
Tədbirdə filologiya elmləri doktoru Rüstəm Kamal, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynova, şairlər - Dəmir Gədəbəyli, Rəfail İncəyurd, Zərəngiz Qayalı, yazıçı-publisist Tahir Aydınoğlu, rəssam Qafar Sarıvəlli, hüquqşünas Fazil Hacıyev və digər çıxış edənlər şairin özünəməxsus yaradıcılıq üslubundan söhbət açıblar.
Bildirilib ki, Z.Ziyadoğlunun yaradıcılığının əsas mövzusunu Vətən, doğulduğu Qazax torpağı, dilimiz, milli-mənəvi dəyərlərimiz təşkil edir. Onun əsərlərində xalq, millət anlayışı, təbiət sevgisi, gələcəyimiz olan gənclik tərənnüm olunur. Ömrünü azərbaycançılıq, türkçülük, dövlətçilik məfkurəsinə və milli-mənəvi dəyərlərin qorunmasına həsr edən vətənpərvər şair sözün əsl mənasında xalq üçün yaşayıb, yaradır. Z.Ziyadoğlunun ilk kitabı - “İlham bulağı” onu ədəbi mühitə öz yolu olan şair kimi tanıdıb və o, bundan sonra bir-birinin ardınca “Vurğuna Vurğun gəlin”, “Tale yolum”, “Turşməzə əhvalatlar”, “Ümid çırağım”, “Borçalı nisgili”, “60 ildən 60 yarpaq”, “İzim, sorağım” və s. olmaqla 12 kitab ilə oxucuların görüşünə gəlib.
Şair “Qafqaz Media” İctimai Birliyinin “Cəsarətli qələm” və “Borçalı” qəzetinin Fəxri diplomu ilə təltif olunub.
Sonda Zaməddin Ziyadoğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub.
azertag.az