Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 6-da “Emalatxanada görüş” adlı layihənin ikinci mərhələsinə başlanılacaq.
Nazirlikdən bildirilib ki, layihənin bu mərhələsində gənc sənətşünaslarla birgə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafı məsələlərinin, rəssamlarının bədii yaradıcılıq axtarışlarının, onların yaradıcılığındakı bədii tendensiyaların və orijinal ideyaların müzakirəsi aparılacaq. Gənc sənətşünasların layihəyə cəlb edilməsində məqsəd onlarda təqdimat aparma və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdan ibarətdir.
Layihənin konsepsiyası gənc sənətşünasların iştirakı ilə tanınmış rəssamların emalatxanalarda iş prosesləri ilə yaxından tanış olmaq, canlı ünsiyyət və həmin mühitdə müzakirələrin aparılmasına təkan verməyi özündə ehtiva edir.
Layihə çərçivəsində Əməkdar rəssamlar Sakit Məmmədov və Hüseyn Haqverdiyevin emalatxanalarında görüşlərin keçirilməsi nəzərdə tutulur.
Gənc sənətşünaslar görüşlərdəki müzakirələrə dair öz fərqli baxışlarının nəticəsi olaraq esse, yazı və digər materiallar hazırlayacaqlar. Bu yazıların layihənin eyniadlı bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması planlaşıdırılır.
azertag.az