Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mayın 4-dən 6-dək Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil ediləcək Beynəlxalq Təşkilatların Yüksək səviyyəli Görüşü ilə bağlı müzakirələr aparmaq üçün Nyu-Yorkda səfərdədir.
Nazirlikdən bildirilib ki, səfər çərçivəsində Ə.Qarayev ilk olaraq BMT Baş katibinin kabinet rəhbəri Maria Luiza Ribeiro Viotti ilə görüşüb. Xanım Viotti BMT Baş katibinin səfərdə olduğunu qeyd edərək, nazirlə görüşməkdən məmnunluğunu ifadə edib.
Görüşdə Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında ətraflı məlumat verərək, dünyanın ən yüksək və nüfuzlu təşkilatı olan BMT-ni bu prosesdə fəal olmağa dəvət edib. Görüşdə BMT Baş Katibinin və yaxud onun yüksək səviyyəli nümayəndəsinin iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Jefri Feltman ilə görüşüb. J.Feltman keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırlayaraq, Bakının gözəlliyinin onda xoş təəssüratlar yaratdığını vurğulayıb. Nazir “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti barədə J.Feltmana da məlumat verərək tədbirin mövzusunun “Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib. Bu mövzunun BMT-nin Davamlı inkişaf Gündəliyi 2030 ilə tam uzlaşdığını qeyd edən nazir bu nüfuzlu təşkilatın rəhbərliyinin tədbirdə yüksək səviyyədə təmsil olunmağının vacibliyini bildirib.
Jefri Feltman da tədbirin əhəmiyyətini, ümumiyyətlə “Bakı prosesi”nin vacibliyini anladığını və bu barədə Baş katiblə müzakirə aparacağını söyləyib.
Görüşlərdə Azərbaycanının BMT yanında daimi nümayəndəsi səfir Yaşar Əliyev və digər şəxslər iştirak edib.
Daha sonra nümayəndə heyəti BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası-ECOSOC-un prezidenti Frederik Makamure Şava ilə, həmçinin BMT Sivilizasiyalar Alyansının rəsmiləri ilə görüşlər keçirib. Bu görüşlərdə Azərbaycanın dünya mədəniyyətinə töhfəsi, dialoq və əməkdaşlıq layihələri, “Bakı prosesi” və Foruma hazırlıq məsələləri müzakirə olunub.
azertag.az