Kukla Teatrında Beynəlxalq Autizm Günü qeyd ediləcək
5.4.2017

Aprelin 5-də Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibətilə tədbir təşkil olunacaq.

Teatrdan bildirilib ki, Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbir çərçivəsində “Əlimdən tut” adlı səhnə əsəri təqdim ediləcək.

Tamaşada Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktrisası Cəmilə Allahverdiyeva, teatrın nəzdində “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak edəcək. Müəyyən inkişaf məşğələləri keçən bu sindromlu uşaqlar ilk dəfə səhnəyə çıxaraq öz yaşantılarını hərəkətlərin dili ilə tamaşaçılara çatdıracaqlar.

İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda uşaqlara həsr olunmuş mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) səslənəcək. Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılmasıdır.

azertag.az