Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini Elmar Məmmədyarova təqdim edib
6.4.2017

Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunan səfiri Teruyuki Katorini qəbul edib.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Teruyuki Katorini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Teruyuki Katori iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olunub, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.
E.Məmmədyarov Yaponiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

report.az