Sağlamlıq imkanları məhdud gənclər "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilir ki, ƏƏSMN-in 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə təlimi kurslarında olan gənclərdən 14 nəfəri və mərkəzin məzunlarından 11 nəfəri, ümumilikdə 25 nəfər gənc də 2017-ci ilin may ayında Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən həmin gənclərin bu Oyunlarda könüllü kimi iştirakı artıq qeydiyyata alınaraq təsdiqlənib.
Gənclər göstərilən etimada layiq olaraq, bu mötəbər tədbirdə də könüllü kimi özlərini uğurla doğrultmaq əzmindədirlər. Onlardan bir çoxu ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarının, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının könüllüləri sırasında olublar. Bu tədbirlərdə onlar könüllü kimi uğurlu fəaliyyətlərinə görə sertifikatlara layiq görülüblər. Əvvəlki idman tədbirlərində olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi fəal iştirak etmək, bu yarışların yüksək səviyyədə təşkilinə töhfələrini vermək əzmində olan sağlamlıq imkanları məhdud gənclər bundan qürur hissi keçirir, onlarda öz güclərinə, potensiallarına inam hissi daha da artır.
Mərkəzdə peşə hazırlığı kurslarını artıq başa vurmuş və IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcək gənclər də könüllü iştirakla bağlı təlimlərin və Oyunların keçirildiyi müddətdə mərkəzdə yerləşdiriləcək, dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin olunacaqlar.
Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərin əmək bazarına çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Ötən dövrdə Mərkəzdə 1050 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə peşə hazırlığı kurslarına qəbul olunub.
Mərkəzə peşə hazırlığı kurslarına qəbul edilən gənclərin peşə təlimi müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təminatı həyata keçirilməklə, həmçinin onlar üçün sosial reabilitasiya yönümlü müxtəlif tədbirlər təşkil olunur.
trend.az