Azərbaycanda daha bir xəstəxanada böyrək köçürülməsinə başlanılacaq
6.4.2017

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzində təqdimat keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Böyrək xəstəlikləri və Transplantasiya Mərkəzinin rəhbəri Rəşad Şolan və həkim-nefroloq Orxan Quliyev çıxış edərək son üç ildə böyrək xəstəliklərinin müayinə və müalicəsinin aparılmasında əldə edilən nailiyyətlərdən danışıblar.
Onlar yaxın zamanlarda RMDM-də böyrək transplantasiyasının həyata keçirilməsinə başlanılacağını, bununla da əhalinin sağlamlığı naminə bu sahədə daha böyük uğurlara nail olunacağını qeyd ediblər.
Bildirilib ki, daima inkişafda olan və müasir tibbi yenilikləri tətbiq edən RMDM-də məhz böyrək transplantasiyası üçün də lazımi şərait yaradılıb. Bunun üçün həkim-mütəxəssislərdən ibarət komandanın da yaradıldığı vurğulanıb.

report.az