Dünya şöhrətli aktyorlar azərbaycanlı rejissorun çəkdiyi “Alen Delonum mənim” adlı tammetrajlı filmdə çəkilə bilərlər.
Baş rolun ifaçısı Vasif İsmayılzadənin verdiyi məlumata əsasən, hazırda çəkilişləri davam edən ekran əsərinə dünya şöhrətli aktyorların çəkilməsi gözlənilir:
“Şad xəbərim odur ki, uzun illər İtaliyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı bəstəkar Kəmalə Əlizadə və onun həyat yoldaşı Stefano Muskaritolo çəkməkdə olduğumuz film üçün mahnılar bəstələyəcək. Hazırda onlar Bakıdadırlar və filmin ssenarisi ilə tanış olurlar”.
Söhbət əsnasında bəlli olub ki, filmdə dünya şöhrətli kino ulduzları Adriano Çelentano və Mikele Plaçido da çəkilə bilər:
“Daha maraqlı xəbərim odur ki, bu insanların yaxın qohumu İtaliyada öz mühitində tanınan rejissor və prodüserdir. O, Adriano Çelentano ilə dostdur və Mikele Plaçidonu da filmə çəkib və yaxın münasibətləri var.
Bu rejissor bizim ölkə ilə maraqlanıb və çox arzu edir ki, burada yaradıcı işlər görsün. O, həm də bu iki dahi aktyoru Bakıya gətirmək iqtidarındadır. Bizim bu insanlarla iş birliyi yaratmağımız üçün maddi dəstəyə ehtiyacımız var”.
V.İsmayılzadə hər iki məşhur italyan aktyoru Bakıya gətirməyə müvəffəq olacaqlarına inandıqlarını bildirib:
“Sadəcə, müəyyən məsələləri həll edib sponsorlarla danışıqlara başlamaq olar. Əsas hədəfimiz Çelentano ilə Plaçidonu “Alen Delonum mənim” filminə çəkməkdir. Bu çox maraqlı və gerçəkləşməsi mümkün ola biləcək bir ideyadır. Sürprizləri tam açıqlamaq istəmirəm. İnşallah, zaman bizim xeyrimizə işləyər”.
Qeyd edək ki, filmin rejissoru Sain Qəhrəman, operatoru Hakim Ağayev, montajçısı isə Fərəc Süleymanovdur. Ssenari bütünlüklə Alen Delon ləqəbli Canbala Canbalayevin başına gələn maraqlı macəralar üzərində yazılıb.
Filmdə tanınmış estrada müğənnisi Arzu Rzayev, Space TV-nin aparıcısı Fərid Rzayev, aktrisa Zülfiyyə Eldarqızı, “Azəri Star-2006” mahnı müsabiqəsinin iştirakçılarından Şəbnəm Rəsulova, Emil Muradlı, Akademik Opera və Balet Teatrının aktyoru Elşad Məmmədov və başqaları çəkilir.
Filmin təqdimatı gələn ilə planlaşdırılır.
Gün.Az