Azərbaycanda 838 belə şəxs var
10.4.2017

Azərbaycan alimlərinin xarici ölkə mütəxssisləri ilə birgə apardığı elmi tədqiqatlar zamanı ölkəmizdə ailəvi uzunömürlülük hallarına rast gəlinib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, institutun mütəxəssisləri ilə yanaşı, ukraynalı tədqiqatçıların da daxil olduğu alimlər qrupu Lənkəranda ekspedisiyada olub.

İnstitut direktoru qeyd edib ki, burada aparılan işlərin elmi proqramı çox geniş olub: “Bütün müayinələr əhalinin iki seçimi üzərində paralel aparılır. Birinci qrup uzunömürlülərin özləri (umumi qəbuledilmiş praktikaya əsasən yaşı 90 və yuxarı olan insanlar) və onların qohumlarıdır. İkinci qrup isə təsadüfi seçimlər, yəni uzunömürlülük rast gəlinməyən ailələrin nümayəndələridir. Ukraynalı həmkarlar tərəfindən proqrama pasientlərin sümük yaşının təyin edilməsi kimi yeni element daxil edilib. 2 həftə ərzində 90 və daha yüksək yaşı olan 22 adam müəyyən edilərək ətraflı müayinə olunub. Bizim layihənin tətbiq olunduğu Lənkəranda 2 ailəvi uzunömürlülük halına rast gəlinib. Bunlardan birində iki qardaş, o birində bacı-qardaş 90 yaşı ötüblər”.

Qeyd edək ki, rəsmi statistik məlumatlara görə, Azərbaycanda 100 və daha çox yaşı olan 838 şəxs yaşayır.

Azərbaycanın bir sıra regionlarında yüksək uzunömürlülük indeksi qeydə alınır. İlkin rəqəmlərə görə, yüksək uzunömürlülük indeksi olan region əsasən Lənkərandır.

trend