Estoniya dövlət qurumları Azərbaycanın aşağı orbital peykinin resurslarından istifadə edəcəklər
10.4.2017

Azərbaycanın peyk rabitəsi operatoru "Azərkosmos" ASC Estoniya dövlət qurumlarına yer kürəsinin məsafədən zondlaşdırılması xidmətlərinin göstərilməsinə hazırlaşır. Bu barədə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, ASC-nin xidmətlərinin Eston bazarında göstərilməsində hazırda əməkdaşlıq haqqında danışıqlar aparılan "Reach-U" şirkəti vasitəçi kimi çıxış edəcək.

"Reach-U" ilə müqavilə yaxın vaxtlarda imzalanacaq və bu, şirkətə "Azersky" peykindən alınma təsvirlərin Estoniyanın müdafiə və kənd təsərrüfatı nazirliklərinə və Tallinin icra hakimiyyətinə satışını həyata keçirməyə imkan verəcək.

Daha əvvəl "Azərkosmos" ASC və "Reach-U" müqavilə imzalayıblar və bu müqaviləyə əsasən, "Azersky"dan alınma təsvirlər "Tartu" universitetinə verilib.

Qeyd edək ki, "Azersky" aşağı orbitli peykinin idarəçiliyi "Bakutel-2014" sərgisi çərçivəsində "Azərkosmos" ASC və Franasının "Airbus Defence and Space" şirkəti arasında 2014-cü ilin dekabrında imzalanmış saziş əsasında Azərbaycana verilib.

trend