“İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” layihəsi həyata keçirilmişdir
4.10.2012

Oktyabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) bu mədəniyyət ocağı və Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) təşkilatçılığı ilə “İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci” adlı birgə layihə həyata keçirilmişdir.

Tədbirdə AİSU-nun rektoru, professor Rasim Nəbiyev və ADGTT-nin direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək layihənin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, artıq ikinci ildir hər iki elm və mədəniyyət ocağının təşəbbüsü ilə reallaşan layihənin məqsədi gənclərin, xüsusən ali təhsil ocaqlarında təhsil alan tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli inkişafı üçün geniş istifadə edilməsidir. Həmçinin, məqsəd Azərbaycanın müxtəlif bölgələrindən olan və tələbə adını qazanmış gəncləri teatrın zəngin tarixi ilə yaxından tanış etmək, onlara qiymət kitabçaları və tələbə biletlərini təqdim etməkdir.

Mərasimdə respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu istiqamətdə həyata keçirilən uğurlu layihələrdən söhbət açılmışdır.
Tədbirdə akademik Teymur Bünyadov, professor İfrat Əliyeva, xalq şairləri Nəriman Həsənzadə, Söhrab Tahir tələbələri təbrik etmişlər.
Birinci kurs tələbələrinə qiymət kitabçası və tələbə biletləri təqdim olunmuşdur.

Tədbirin sonunda G.Fiqeyredonun “Ezop” tamaşası nümayiş etdirilmişdir.

AzərTAc