"ABBA"nın muzeyi açılacaq
4.10.2012

İsveçin paytaxtı Stokholmda əfsanəvi "ABBA" qrupunun muzeyi açılacaq. Bu barədə muzey layihəsinin təşkilatçıları mətbuat konfransında məlumat veriblər.

Muzey "İsveç Məşhurlar Evi" kompleksində yerləşəcək. Təşkilatçılar "ABBA"nın bütün dünyada tanınan İsveç trendi olduğunu əsas gətirərək, muzeyin hər il həmin kompleksə yüz minlərlə turist cəlb edəcəyini hesab edirlər. Muzeydə "ABBA" üzvlərinin kostyumlarını, qrupun səsyazma studiyasını görmək mümkün olacaq.

Qeyd edək ki, 1972-1982-ci illərdə fəaliyyət göstərən isveçli kvartet "ABBA" pop-musiqisi tarixində ən uğurlu kollektivlərdən biri hesab edilir. Qrup 1974-cü ildə "Eurovision" mahnı müsabiqəsində "Vaterloo" mahnısı ilə qalib gəldikdən sonra məşhurlaşmışdı. Qrupun indiyədək işıq üzü görmüş 8 albomu bütün dünyada 378 milyondan çox tirajla satılıb.

http://xezerxeber.com