Artım layihə məkanında gənc rəssamların növbəti qrup sərgisi
12.4.2017

Aprelin 13-ü “YARAT” Müasir İncəsənət Mərkəzinin Artım layihə məkanında gənc rəssamların “The Show Must Go On” (“Şou davam etməlidir”) adlı qrup sərgisi açılacaq.

Sərginin ekspozisiyasında rezidentlər Vüsalə Ağarazıyeva, Erkin Ələkbərli, Zamir Süleymanov (Azərbaycan), Mohamad Haryo Hutomo (İndoneziya) və Rona Şternin (İsrail) əsərləri nümayiş olunacaq.

Sərginin adı İngiltərənin məşhur “Queen” rok-qrupunun solisti Freddi Merkurinin ifa etdiyi mahnının adından götürülüb. Bu mahnı, həyatın daim bir mübarizə olmasına baxmayaraq, insanları ruhdan düşməməyə və mübariz olmağa səsləyir. Digər tərəfdən, bu mahnıda həyatın bir səhnəyə bənzəməsi və inamsızlığa düçar olmamaq, öz yollarına davam etmək üçün müvazinəti qoruyub saxlamağın vacibliyi vurğulanır. Sərgidə iştirak edən rəssamlar mif və reallıq, illüziya və həqiqət, arzu və ümidsizlik arasında olan incə sədləri araşdırırlar.

Hər kəsin qatıla biləcəyi sərgi mayın 5-dək davam edəcək.

azertag.az