“Dərs” filmi Rusiyanın növbəti film festivalında
12.4.2017

Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” filmi Rusiyanın 11-ci “Səmimi qəlbdən” beynəlxalq ailə filmləri festivalının “Bizim uşaq kinosu” müsabiqə proqramına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan festival mayın 26-dan 30-dək Ulyanovsk şəhərində keçiriləcək.

“Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində baş rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar.

Qeyd edək ki, filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film”, Belarusiyanın 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatlarına layiq görülüb. “Dərs” filmi, 5-ci Delhi və 15-ci Dəkkə beynəlxalq film festivallarında nümayiş olunub.

azertag.az