Azərbaycan Beynəlxalq Turizm Sərgisində milli stendlə təmsil olunub
12.4.2017

Azərbaycan Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” 14-cü Beynəlxalq Turizm Sərgisində milli stend ilə təmsil olunub.

Bu barədə Azərbaycan Bolqarıstandakı səfirliyindən məlumat verilib.

Azərbaycan mədəniyyətinin və ölkənin turizm potensialının Bolqarıstanda təbliği məqsədilə 6-9 aprel 2017-ci il tarixində Veliko Tırnovo şəhərində keçirilmiş “Mədəni Turizm” adlı 14-cü Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan milli stend ilə təmsil olunub.

Sərgi iştirakçıları və ziyarətçilərinə ölkəmizin tarixi, mədəniyyəti, ənənələri, Azərbaycanda mövcud turizm marşrutları, rekreasiya və turizm mərkəzləri, ölkəmizdə həyata keçirilmiş infrastruktur layihələr haqqında ətraflı məlumat verilmiş, Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş olunmuş, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlar və suvenirlər tədbir iştirakçılarına paylanılmışdır. Ölkə stendində həmçinin Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası və Azərbaycan şirniyyatlarının təqdimatı keçirilmişdir. Dequstasiya zamanı ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilmiş, Azərbaycan şirniyyatları haqqında ətraflı danışılmışdır.

Sözügedən sərginin açılışında iştirak edən Bolqarıstanın turizm naziri Stella Baltova Azərbaycan stendini ziyarət etmiş, Azərbaycan mədəniyyəti və turizm imkanları barədə məlumatlandırılmışdır. İki ölkə arasında müsbət əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən söz açan S.Baltova Azərbaycanın bu sərgiyə qoşulmasını Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği baxımından yüksək qiymətləndirmişdir.

Sərginin sonunda Azərbaycan stendi uğurlu iştiraka görə fəxri sertifikatla təltif edilmişdir. Sertifikatı təqdim edən Veliko Tırnovo şəhərinin meri Daniel Panov bu şəhərdə yerləşən və Bolqarıstanın ən qədim mədəniyyət abidəsi sayılan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondu tərəfindən bərpası və yenidən qurulmasının iki ölkə arasında dostluq əlaqələrinin inkişafına əsaslı təkan verəcəyini vurğulamış və uzun illərdən bəri bolqar xalqının bu arzusunun həyata keçirilməsinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə 2016-cı ildə “Trapezitsa” abidəsinin 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpası, 880 metr uzunluğunda turizm xiyabanının salınması, mədəni irs mərkəzinin yaradılması, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyası həyata keçirilib.

Qeyd olunmalıdır ki, Bolqarıstan Respublikasının Turizm Nazirliyinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Tur Operatorları və Səyahət Agentliklərinin Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə baş tutmuş 14-cü “Mədəni Turizm” sərgisində Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin Dövləti, Cənubi Afrika, Türkiyə, Çexiya, İspaniya və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 70-ə yaxın bolqar və xarici şirkət və qurumlar iştirak etmişdir.

trend