BMT-nin baş katibi Pan Gi Mun 5 Oktyabr – Müəllimlər günü münasibətilə müraciət edib. BMT-nin Bakı ofisindən verilən məlumata görə, Pan Gi Mun vurğulayıb ki, müəllimlər, ən yaxşı halda, gənclərin istedad və təvəkkülünü aşkara çıxararaq onların daha məhsuldar vətəndaş kimi inkişaf etmələri üçün vasitəçi olurlar: “Ancaq müəllimlər layiq olduqları diqqət və dəstəyi çox zaman əldə edə bilmirlər. Xüsusən qlobal iqtisadi böhran dövründə müəllimlərin üzləşdiyi çətinliklər və daşıdıqları böyük məsuliyyət “Ümumdünya Müəllimlər Günü” vasitəsilə bizə bir daha xatırladılır. Böhranın əvəzini müəllimlər və uşaqlar ödəməli deyil; biz təhsil sistemimizi mövcud maliyyə təzyiqləri və büdcə sıxıntılarından müdafiə etməliyik. Yeni qlobal təşəbbüs kimi irəli sürdüyüm prioritet məsələlərdən biri də “Education First” (“Öncə Təhsil”) proqramıdır.
Məqsəd isə daha çox müəllim yetişdirmək və bu cür layihələrə cəlb etməkdir. Minilliyin İnkişaf Məqsədləri (MİM) çərçivəsində beynəlxalq ibtidai təhsil planına 2015-ci ilə qədər nail olmaq üçün dünya üzrə daha iki milyon müəllimə ehtiyacımız var. Müəllim çatışmazlığı uşaqların ibtidai təhsilə cəlb edilməsinin qarşısını almaqla yanaşı, məktəb və təhsil mühitində həyata keçirdiyimiz təşəbbüslərin əhəmiyyətini azaldır. Biz müəllimlərin daha hazırlıqlı və daha inamlı olmalarını təmin etməliyik. Keyfiyyətli müəllim olmadan, keyfiyyətli təhsilə nail olmaq qeyri-mümkündür. Münasib iş şəraiti, yaxşı əmək haqqı və adekvat karyera imkanları ilə birgə ixtisasartırma da çox önəmlidir. Müəllimlər də uşaqların inkişafına nail olmaq üçün müvafiq və təhlükəsiz mühit formalaşdırmaq məsuliyyəti daşıyırlar. Onlar həm də tolerantlıq, düzgün vətəndaşlıq və həmrəylik rəmzi olmalıdırlar – mən ümid edirəm ki, hər kəs bu rolu oynamağa hazırdır.
Mən “Ümumdünya Müəllimlər Günü” ilə bağlı böyük həvəs və bacarıq göstərib öz işinə məsuliyyətlə yanaşan bütün dünya müəllimlərini yad edirəm. Tələbələrinin istedadlarını inkişaf etdirərək onlara yol göstərən müəllimlərin dünyada oynadıqları rol və göstərdikləri təsir çox böyükdür. Gəlin qəbul edək ki, müəllimlər üçün qoyulan sərmayə müdrik bir fəaliyyət nümunəsidir. Bizim daha güclü iqtisadiyyat, cəmiyyət və hər kəs üçün ləyaqətli və bərabər imkanlar təqdim edən gələcək qurmağımız üçün buna ehtiyacımız var”.
APA