Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdil qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinə Avropa Muzey Standartı (EUMS) verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev standartın fəxri diplomunu nazir Əbülfəs Qarayevə təqdim etmişdir.
İlk dəfə olaraq Azərbaycan muzeyinə belə yüksək səviyyəli Avropa Muzeyi Standartının verilməsini ölkəmizin mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirən Nizami Piriyev, bunun xalqımızın mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsi olduğunu bildirmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də muzeyə Avropa Muzey Standartının verilməsini yüksək qiymətləndirərək bu hadisəni bütün Azərbaycan mədəniyyətinin nailiyyəti kimi dəyərləndirmişdir.
Avropa Muzey Standartı Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye Palatasının təyin etdiyi standart və kriteriyalara cavab verən, muzey anlayışına uyğun gələn, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik, xüsusi məsləhətlərin mövcud olduğu seçilmiş muzeylərə verilir.
Avropa Muzey Standartına layiq görülmüş Azərbaycan Milli İncəsənət Muzeyi 1936-cı ildə yaradılmışdır. Muzeydə Azərbaycanın, Qərbi Avropanın, Rusiyanın və Şərq ölkələrinin müxtəlif incəsənət eksponatları nümayiş etdirilir. Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla və ölkələr üzrə təşkil edilmişdir. Muzeyin fondu 6 bölmə - rəssamlıq, qrafika, heykəltəraşlıq, toxuma işləri, metal məhsulları, çini qablar bölmələri üzrə sistemləşdirilmişdir. Muzeydə, həmçinin fondu XIX əsrdən başlayan xüsusi ədəbiyyatı əhatə edən kitabxana da fəaliyyət göstərir.