BANM-in tələbələri Səngəçal terminalında olublar
14.4.2017

Bakı Ali Neft Məktəbinin (BANM) “Kimya mühəndisliyi” ixtisasının 3-cü kurs tələbələri Səngəçal terminalında olublar.
Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçal terminalına tələbələrin səfəri BANM-in BP-Azərbaycanla əməkdaşlığı çərçivəsində baş tutub.
Səngəçal terminalına səfər zamanı tələbələr terminalın strukturu, tutumu və oradakı müasir avadanlıqlar, qabaqcıl texnologiyalarla tanış ola biliblər. Tələbələr, həmçinin, mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında məlumat alıblar.
Səfərin sonunda BANM-in tələbələrinə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.
BANM-in BP şirkəti ilə əməkdaşlığı çərçivəsində Ali Məktəbin tələbələri “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində də olub və layihə üzrə işlərlə tanış olublar. “ATA yard”-ın operatoru BP şirkətidir.
Qeyd edək ki, Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub və genişləndirilmək imkanı var. Səngəçal terminalı təxminən 550 hektar bir ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminalın operatoru BP şirkətidir.

report.az