Mayın 3-də Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı Namiq Məmmədovun “Xoşbəxtlik düsturu” adlı fərdi sərgisi açılacaq.
Muzeydən bildirilib ki, mayın 31-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq. Bu əsərlərin arasında rəssamın “Dua” adlı pastellər silsiləsi var. Kağız fonda güclə nəzərə çarpan plastik obrazlar uzun illərboyu rəssamı müşayiət edən qoruyucu mələklər kimi asta, sonsuz bir karvantək bir-birini əvəz edir.
Namiq Məmmədov 1957-ci il dekabrın 23-də Gəncədə anadan olub. 1982-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1988-ci ildə Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsinin məzunu olub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Namiq Məmmədov yaradıcılıq fəaliyyətinə 1982-cil ildə keçirilən “Gənclərin yaradıcılıq həftəsi” adlı sərgidə nümayiş etdirdiyi “Bizim bağ” və “Gimnastika” adlı əsərləri ilə başlayıb.
Rəssamın bəzi əsərləri dövlət və şəxsi kolleksiyalarda – Müasir İncəsənət Muzeyi (Bakı), Milli İncəsənət Muzeyi (Bakı), Türksoy Qalereyası (Ankara), İslam İncəsənət Mərkəzi (Moskva), eləcə də Norveç, Danimarka, ABŞ, İtaliya, Türkiyə, Almaniya, İngiltərə və digər ölkələrdə saxlanılır. O, regional və beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın yaradıcılığı haqqında Azərbaycan Dövlət Televiziyası tərəfindən verilişlər çəkilib.
Rəssam hazırda Bakıda yaşayır və işləyir.
Namiq Məmmədovun bir çox əsərlərində dərin sakrallıq duyulur, lakin təsvir hər hansı ünvanlı rəmzləri təcəssüm etdirmir. Bu gün rəssam yaradıcılıq ideyaları və güclə doludur və kim bilir, rəngkarlıq adlanan bu sonsuz dünyada davam edən xoşbəxtlik düsturu axtardığı səyahətində hələ nə qədər yeni-yeni formal və obrazlı həll variantları meydana çıxacaq. Bir şeyi dəqiq deyə bilərik: bu proses dayanan deyil.
azertag.az