“YARAT” da “Rəssamın seçimi” adlı silsilə film nümayişi
17.4.2017

Aprelin 18-dən “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamın seçimi” adlı silsilə film nümayişinə başlanılacaq.

Layihə çərçivəsində əvvəlcə tanınmış rejissor Tarsem Sinqhin “Enmə” filmi nümayiş ediləcək.

Silsilə nümayişin əhəmiyyəti ondan ibarətdir ki, iştirakçılar “YARAT”da açılmış “Əziz sevgilim” sərgisini seyr etməklə yanaşı, həmin sərginin müəllifi rəssam Orxan Hüseynovun təklif etdiyi filmlərə baxa biləcəklər. Təqdim olunacaq ekran əsərləri sərginin konsepsiyasını əks etdirir.

ABŞ və Hindistanın birgə istehsalı olan filmin xronometrajı 1 saat 17 dəqiqədədir. Filmin baş qəhrəmanı Hollivud kaskadyoru Roy Uoker çəkiliş zamanı körpü üzərində uğursuz tryuk nəticəsində travma aldıqdan sonra ayaqları iflic olur. O, xəstəxanada müalicəsini davam etdirir və vaxtını səmərəli keçirmək üçün Aleksandriya adlı qızcığaza nağıllar danışır.

Filmin nümayişində hər kəs iştirak edə bilər.

azertag.az