Bu il böyük gülüş ustası, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq Artisti Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur. Aktyorun yubileyi Azərbaycan Dövlət Musiqili Teatrında qeyd olunacaq.
Qurumun mətbuat xidmətindən bildirilib ki, teatrın rəhbərliyi böyük gülüş ustasının yubileyi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.
“Yaratdığı bənzərsiz obrazlarla Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış böyük sənətkarımızın məzarı doğum günündə - iyunun 12-də kollektivimiz tərəfindən ziyarət olunacaq. İyunun 11-də isə vaxtı ilə onun Məşədi İbad obrazını canlandırdığı dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasının nümayişi nəzərdə tutulur. Bu il yubiley tədbirləri çərçivəsində teatrımızda Hacıbaba Bağırovun yadigarı, qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi də təşkil olunacaq”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bildirib.
azertag.az