18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
İdarənin mətbuat xidmətindən bildirilib ki, aprelin 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.
Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.
azertag.az