Danimarkalı rəqqaslar bakılılara möhtəşəm şou vəd edirlər
8.10.2012

Danimarkanın “National danish performance TEAM” rəqs qrupu Azərbaycana gəlib.

Keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov layihənin Gənclər və İdman Nazirliyi tərəfindən keçirildiyini bildirib.

O qeyd edib ki, qrupda 28 nəfər rəqqas var:

“Onlardan əlavə, beş nəfər isə təşkilatçıdır. Oktyabrın 1-də Bakıya gələn rəqqaslar ustad dərsləri və mədəni əlaqələrin qurulması üçün görüşlər keçirib”.

Qrupun meneceri Mette Moldensin Azərbaycanda yüksək səviyyədə qarşılandıqlarını bildirib:

“Azərbaycana ilk dəfədir gəlirik. Burada Danimarkanın ən yaxşı 28 rəqqası toplanıb. Master- klaslarda insanlarla ünsiyyət qurmağa, onlara daha yaxın olmağa çalışdıq”.

Bakıya çıxdıqları dünya turnesi çərçivəsində Almaniyadan gəldiklərini deyən M.Moldensin, ümumilikdə 20 ölkəyə səfər edəcəklərini diqqətə çatdırıb.

“National Danish Performance Team”in təlimatçısı Anders Bidstrop bildirib ki, bu qrupun çıxışları standart rəqslərdən fərqlənir:

“Biz gün ərzində 10 saata yaxın məşq edirik. Rəqslərimizdə həm müxtəlif rəqs elementləri, həm də akrobatik hərəkətlər olur. Bir sözlə, şou müxtəlif növ rəqslər və tullanma hərəkətlərindən ibarətdir. Qrupda Danimarkanın milli gimnastları da iştirak edir”.

Təlimatçı vurğulayıb ki, Danimarka rəqqasları oktyabrın 8-də Bakı Əl Oyunları Sarayında şou təqdim edəcək. Konsertə giriş isə pulsuz olacaq. Şou 1,5 saat davam edəcək və bu vaxt ərzində rəqqaslar 8 geyim dəyişəcək. Şounun hər bir hissəsinin isə özünəməxsus adı var ki, bunlar qrupun rəsmi saytında yerləşdirilib.

Gün.Az