Səyyar “ASAN xidmət” aprelin 17-dən mayın 16-dək Siyəzən şəhərində vətəndaşlara xidmət göstərəcək.
Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.
Həmçinin, səyyar avtobuslar martın 28-dən aprelin 26-dək Tovuz, Qax, Astara, Yevlax şəhərlərində, martın 29-dan aprelin 26-dək Salyan şəhərində, aprelin 3-dən 22-dək Füzuli rayonunun Horadiz şəhərində, bu ayın 10-dan 19-dək Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində, aprelin 15-dən 29-dək Abşeron rayonunun Novxanı qəsəbəsində, səyyar ASAN qatar isə aprelin 14-dən 28-dək Şəmkir rayonunun Dəllər qəsəbəsində vətəndaşların xidmətində olacaq.
Səyyar şəkildə göstərilən xidmətləri Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi təqdim edir.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Qeyd edək ki, Səyyar "ASAN xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
report.az