Aprelin 1-dən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" xidmətinə müraciət yalnız “Elektron imza” və “ASAN imza” vasitəsi ilə aparılır. Belə ki, aprelin 1-nə qədər sığorta edənlər həmin xidmətə istifadəçi adı/şifrə ilə daxil ola bilirdilərsə, artıq sadəcə elektron imzalama vasitələri ilə giriş edə bilərlər.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, sığorta hesabatlarının "Elektron imza və elektron sənəd haqqında" Qanuna uyğun icrası bu sahədə xoşagəlməz halların aradan qaldırılması məqsədi daşıyır. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanununa əsasən yalnız “elektron imza” vasitələri ilə imzalanmış elektron sənəd hüquqi qüvvəyə malikdir. Eyni zamanda, elektron imza ilə təsdiq olunmuş sənədə heç bir müdaxilə mümkün deyil, həmin sənədin bütövlüyünə və prosesin təhlükəsizliyinə tam təminat verilir.
Beləliklə, məcburi dövlət sosial sığortası üzrə hesabatları əldə etmək üçün, “Elektron imza” və “ASAN imza” vasitəsi ilə "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olaraq, "BÜTÜN XİDMƏTLƏR" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidmətini seçərək "Yeni hesabat" alt bölməsini aktiv edib, rüblük hesabatınızı qısa vaxtda müvafiq ünvana göndərə bilərsiniz.
report.az