Dünyanın ən tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster
Teymur Rəcəbovun toyu olub. Bu barədə Azərbaycan Şahmat Federasiyasının
vitse-prezidenti Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, toy
səhərə yaxın saat 05.00-da qurtarıb.
Toyda Azərbaycanın dövlət başçısı və Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva, eləcə də FİDE-nin prezidenti Kirsan İlumjinov iştirak
edib. Həmçinin toyda Avropa Şahmat İttifaqının prezidenti Silvio
Danailovla yanaşı, olduqca adlı-sanlı qonaqlar və yaxın adamlar iştirak
edirdi. Elnarə və Teymurun yaxınları və onları sevənlərin hamısı orada
idilər. Toy Azərbaycanın ən yaxşı zalında ("Buta Palace") keçirildi.
Toyda Azərbaycanın şahmat üzrə yığma üzvləri də iştirak edib. Toyun
əsas mövzularından biri şahmat olub. Qəbul zalı da şahmata həsr olunub.
Şahmata həsr olunmuş videomaterialla yanaşı, Teymur Rəcəbovun keçdiyi
yol da qısaca olaraq göstərilib. Xatırladaq ki, Teymur Rəcəbov Dövlət
Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə ilə ailə
həyatı qurub.