“Arşın mal alan”ın 100 illik yubileyi qeyd ediləcək
8.10.2012

İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan UNESCO 2011-2013-cü illər üzrə Baş Konfransının prezidenti, Macarıstanın UNECKO yanında daimi nümayəndəsi xanım Katalin Boqyayın başçılıq etdiyi nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyində olub.

Nümayəndə heyətinə tərkibində müxtəlif ölkələrin UNESCO-dakı daimi nümayəndələri, bu beynəlxalq qurumun səfirləri, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva və ölkəmizin təşkilatdakı daimi nümayəndəliyinin təmsilçisi olub.
Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Əbülfəs Qarayev ilə görüşdə ölkəmizin UNESCO ilə əməkdaşlığı yüksək qiymətləndirilmiş, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramli səfiri Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər və həyata keçirilən tədbirlər diqqətə çatdırılmışdır.
Nazir Ə.Qarayev, həmçinin 2013-cü ildə Azərbaycanın UNESCO-nun Qeyri-maddi mədəni irs Konvensiyasının 10 illik yubileyinə ev sahibliyi edəcəyini xüsusilə söyləmiş və bu istiqamətdə artıq müəyyən tədbirlərin həyata keçirildiyini bildirib.

Ə.Qarayev Azərbaycanın zəngin mədəniyyəti, musiqisi və tarixi barədə qonaqlara məlumat vermiş, UNESCO-nun qərargahında qeyd olunan yubileyləri və tədbirləri xatırlatmışdır. Bu baxımdan, o, dahi bəstəkar Üzeyir Hacıbəylinin bəstələdiyi, müsəlman Şərqinin ilk operettası olan “Arşın mal alan”ın 100 illik yubileyinin 2013-cü ildə UNESCO çərçivəsində qeyd olunacağını qonaqların nəzərinə çatdırıb. Nazir qonaqları 2013-cü il mayın 29–dan iyunun 1-dək Bakıda keçiriləcək İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştiraka dəvət edib.

Dəvəti məmnuniyyətlə qəbul etdiklərini deyən nümayəndə heyətinin rəhbəri xanım Katalin Boqyay bu gün yüksək səviyyədə olan Azərbaycan-UNESCO əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.

AzərTAc