Bulvarda yeniliklər...
8.10.2012

Dənizkənarı Milli Parkda istirahət etmək istəyənlər bir sıra yeniliklərlə qarşılaşacaq. Belə ki, Milli Parkın Yeni Bulvar hissəsində attraksionlar quraşdırılacaq. Həftəsonu hərə bir yolla canındakı yorğunluğu çıxarmaq istəyir - kimi ailəsi, kimi dostu, kimi də yaxınları ilə Dənizkənarı Bulvarda istirahət edir. Son illər Dənizkənarı Bulvarda bir sıra yeniliklərin edilməsi, yeni attraksionların, kafelərin, restoranların tikilməsi bura marağı daha da artırıb. Elə buna görə də, Milli Parkın hər tərəfində uşaqları, gəncləri, yaşlıları görmək mümkündür.

İstirahətini fərqli şəkildə keçirən şəhər sakinləri arasında çoxluq təşkil edən isə gənclərdir. Adrenalin həvəskarı olan gənclər əyləncə, qorxudolu attraksionlara minərək həyəcanlı anlar yaşamağa üstünlük verirdilər. Ən çox üz tutulan attraksionsa “Pirat gəmisi” idi. Qorxulu evin qonağı olmaq istəyənlər də az deyildi. Qonaq olanlar arasında uşaqdan tutumuş böyüyədək hər kəs vardı. Kimi ilk dəfə, kimi də dəfələrlə bu attraksiondakı qorxulu bədheybət fiqurlar ilə üzləşib, əyləncəli vaxt keçirib.

Havanın küləkli olması sakinlərə qayıqlarla gəzintiyə imkan verməsə də, şəkillər çəkdirərək bu günü tarixə yazanlar az deyildi. Yeni Bulvar ərazisində yaradılmış velosiped xətti isə velosiped sürənlərin lap ürəyincə idi. Dənizkənarı Bulvarın 2008-ci ildən etibarən hər iki istiqamətdə daha da genişləndirildiyini deyən Bulvar İdarəsinin rəisi Yeni Bulvar ərazisində də yeniliklərin olacağını bildirdi. Demək ki, Dənizkənarı Bulvar ərazisi istirahət üçün buranı seçən paytaxt sakinlərini hələ çox təəccübləndirəcək.

Milli.Az