Bakıda yeni qalereya – Azərbaycanda ilk Müasir İncəsənət “YAY!” qalereyası açılacaqdır
9.10.2012

Oktyabrın 10-da İçərişəhərdə tikintisi yenicə qurtarmış və bundan sonra rəssamların incəsənət eksperimentlərinin daimi səhnəsi olacaq “YAY!” qalereyasının açılış mərasimi - sərgi təşkil olunacaqdır.

“YARAT” Müasir İncəsənət Məkanından bildirmişlər ki, qədim İçərişəhərin mərkəzində fəaliyyətə başlayacaq “YAY!” qalereyası üç gənc rəssamın - Faiq Əhmədin, Fərid Rəsulovun və Elşən İbrahimovun əsərləri nümayiş olunacaq sərgi ilə birgə açılacaqdır.

Paytaxtın mədəni həyatında öz parlaq izini qoymuş “YARAT!” Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr artıq Bakı sakinlərinə tanışdır.
“YARAT!” Müasir İncəsənət Məkanı kimi, Aidə Mahmudovanın təşəbbüsü ilə yaradılan “YAY!” qalereyası da qarşısına müasir Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim, habelə bakılıları dünya incəsənətində peyda olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini qoymuşdur.

Beləliklə, “YAY!” qalereyasında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş etdiriləcəkdir.

“YAY!” qalereyasının növbəti planlaşdırılan addımları sırasına yeni, maraqlı tərəfdaşların axtarışı və artıq “YARAT!” Müasir İncəsənət Məkanı ilə uğurla əməkdaşlıq edən rəssamların dəstəklənməsi daxildir.

Əminliklə demək olar ki, “YAY!” qalereyası və “YARAT!” Müasir İncəsənət Məkanı bir-birinin fəaliyyətini tamamlamaq və gücləndirməklə səmərəli fəaliyyət göstərən tandem yaradacaqlar.

“YAY!” qalereyasının təşkil edəcəyi birinci sərginin mövzusu “Azərbaycan xalçası”dır: ənənəvi və qeyri-adi, yenidən dərk edilmiş, yeniləşdirilmiş və çağdaş zamanın çərçivələrinə sığan xalçalar.

Konkret vəziyyətdə iştirakçıların sayı üçdür... Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, 52-ci Venesiya Biennalesinin iştirakçısı Faiq Əhməd Azərbaycan xalçasının formasını və qədimi naxışlarını dəyişikliklərə məruz qoyaraq, vərdiş etdiyimiz xalça quruluşundan kənara çıxır. Onun yaratdığı əsərlərdə canlı, yumşaq və elastik struktur olan yun solğun plastiklə bir yerdə mövcuddur. Faiq Əhmədin əsərləri artıq bu il “Art Dubay” müasir incəsənət yarmarkasında nümayiş etdirilərək tənqidçilər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycanı Venesiya Biennalesində təmsil edən rəssam Fərid Rəsulov nəfis Qərbsayağı interyerləri Şərq xalçalarını çulğayan özünəməxsus fotoprintlər yaradır. Bu cah-cəlalın içində alüminiumdan və orqanik şüşədən yaradılmış heyvan obrazları peyda olur. Bu obrazlar Şərq mədəniyyətinin də Qərb mədəniyyəti kimi köklərindən ayrıldığını və Ana-Təbiətlə bütün bağlarını qopardığını sübut edir.

Elşən İbrahimov isə xalça şəklinin əsasında yaradılan kompyuter oyununu tamaşaçılara təqdim edir. Onun “Xalça oyunları” yekrəng və möhtəşəm ünsürlərin vəhdətidir, habelə XXI əsrdə yaşayan yeniyetmənin rəqəmsal təfəkkürünü və xalqın qədim ənənələrini əks etdirir. Rəssamın təfsirlərinə əsasən, artıq evimizin divarlarını bəzəməyən xalça tam yeni bir keyfiyyətdə mənzilimizə qayıtmağa layiqdir.

Sərgidə iştirak edən bütün müəllifləri Azərbaycan xalçasına yeni ömür bəxş etmək istəyi və zamanın çağırışına cavab olaraq mədəniyyətin dəyişmək və təkamül qabiliyyətini isbat etmək arzusu birləşdirir. Müəlliflər tərəfindən göstərilən bu səylər xüsusilə də naxışların, demək olar ki, ən mühafizəkar və çətinliklə dəyişən elementi olan xalça naxışlarının fonunda daha da canlı və maraqlı görünür.

Sərgi noyabrın 11-dək davam edəcəkdir.

AzərTAc